Sual-Cavaba keçid et

Yol hereketi qaydalari, Yol hərəkəti qaydaları, yol hereketi haqqinda qanun, Yol hərəkəti haqqından qanun, surucunun vezifeleri, sürücünün vəzifələri

YOL HƏRƏKƏTİ QAYDALARI

Yol hərəkəti haqqında
Azərbaycan Respublikasının Qanunu

Fəsil 5.

Yol hərəkəti qaydaları

Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları I. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 4) yol örtüyünü zədələməməli və ya çirkləndirməməli, yol nişanlarını çıxarmamalı, qarşısını kəsməməli, zədələməməli, özbaşına yol nişanları, svetoforlar və hərəkətin təşkilinin digər texniki vasitələrini quraşdırmamalıdırlar; 5) hərəkətə maneçilik törədən əşyaları və ya materialları ataraq, boşaldaraq və ya yolda qoyaraq yol hərəkətini çətinləşdirməməli və ya onun təhlükəsizliyi üçün qorxu törətməməlidirlər (bu cür maneənin və ya təhlükənin yaranmasına yol verməmək mümkün olmadıqda, onların mümkün qədər tez aradan qaldırılması üçün lazımi tədbirlər görməli, bunu dərhal etmək mümkün olmadıqda isə, əl altında olan vasitələrlə digər hərəkət iştirakçılarının xəbərdar edilməsini və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təmin etməlidirlər); 6) yol hərəkəti qanunvericiliyinə riayət olunması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarını yerinə yetirməlidirlər; 7) nəqliyyat, yol, kommunal və digər müəssisə və təşkilatların vəzifəli şəxsləri, yolda hər hansı bir iş aparan fəhlələr, eləcə də digər şəxslər müəyyən edilmiş yol hərəkəti qaydalarına təsir göstərə biləcək maneələr yaratmaqdan və başqa hərəkətlərdən çəkinməlidirlər. II. Yol hərəkəti qaydalarına riayət edən yol hərəkətinin hər bir iştirakçısı digər şəxslərdən həmin qaydaların tələblərini gözləməyi tələb edə bilər. III. Yol hərəkəti iştirakçılarının: 1) təhlükəsiz və rahat yol hərəkəti şəraitinə malik olmaq, yolların, küçələrin, meydanların və dəmiryol keçidlərinin hərəkətin təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək; 2) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və yol sahibləri qüvvədə olan qanunvericiliyi pozduqda, onların hərəkətlərindən məhkəməyə şikayət etmək; 3) hidrometeorologiya, yol, kommunal və başqa təşkilatlardan yol hərəkət şəraiti haqqında məlumat almaq hüquqları vardır. Maddə 37. Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri I. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü: 1) sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanması faktını təsdiq edən sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır; 2) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının tələbi ilə nəqliyyat vasitəsini dayandırdıqda, həmin əməkdaş yaxınlaşdıqdan sonra bu maddənin birinci hissəsinin 1-ci bəndində göstərilən sənədləri yoxlanılması üçün ona təqdim etməlidir və zəruri olduqda həmin əməkdaşın tələbi ilə nəqliyyat vasitəsindən çıxmalıdır; 3) yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir; 4) yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir; 5) hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir; 6) konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir; 7) üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, sağa dönmə işıq göstəricisini yandırmalı, həmin nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdır, üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməməlidir; 8) hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir; 9) yolda su və ya palçıq olduqda, nəqliyyat vasitəsini idarə edərkən, onların piyadalara, binalara və başqa nəqliyyat vasitələrinə sıçramamasına çalışmalıdır; 10) hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmasını təmin etməlidir; 11) yol hərəkətinin ən müdafiəsiz iştirakçılarının - uşaqların, əlillərin, velosipedçilərin və qocaların təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməli, küçəni keçən kor piyadanın siqnalı ilə (siqnal - ağ əsanın qaldırılmasıdır) nəqliyyat vasitəsini dərhal dayandırmağa borcludur; 12) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən sağ əlindəki üfiqi vəziyyətdə olan jezllə və ya onların nəqliyyat vasitələrindəki qırmızı və ya göy sayrışan işıqla və yaxud xüsusi səs siqnalı ilə ona verilən işarəyə nəqliyyat vasitəsini dayandırmalıdır; 13) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr psixotrop maddələrdən və onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməlidir; 14) nəqliyyat vasitəsini idarə etmək qabiliyyətinin təsdiqi üçün müəyyən olunmuş hallarda tibbi müayinədən keçməlidir; 15) təcili tibi yardıma ehtiyacı olan şəxsləri daşımalıdır. II. Bu maddə ilə müəyyən edilmiş sənədlər özündə olmayan nəqliyyat vasitəsinin sahibi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. III. Mexaniki nəqliyyat vasitələri: 1) təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə; 2) yol-nəqliyyat hadisələri və ya nasazlıq nəticəsində zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün (yalnız yük daşıyan nəqliyyat vasitələrini), təbii fəlakət yerlərinə getmək üçün, eləcə də qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş digər təxirəsalınmaz hallarda, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarına təqdim edilməlidir. Qeyd: 1) bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məqsədlər üçün nəqliyyat vasitəsinin təqdim edilməsi tələbi diplomatik korpusa və digər şəxslərə məxsus nəqliyyat vasitələrinə şamil edilmir; 2) nəqliyyat vasitəsindən istifadə etmiş şəxslər sürücünün tələbi ilə yol getmə müddətini, gedilmiş məsafəni, özünün soyadını, vəzifəsini, xidməti vəsiqəsinin nömrəsini, işlədiyi təşkilatın adını göstərməklə arayış verməli və ya yol vərəqəsində qeyd aparmalıdırlar, tibb işçiləri isə sürücüyə müəyyən edilmiş nümunədə arayış verməlidirlər; 3) nəqliyyat vasitəsinin Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşına təqdim edilməsi ilə əlaqədar xərclər nəqliyyat vasitəsi sahibinin tələbi ilə müəyyən edilmiş qaydada həmin orqanlar tərəfindən ödənilir. IV. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, «Təcili tibbi yardım» maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; 5) əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. V. Mexaniki nəqliyyat vasitəsinin sürücüsünə: 1) nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətmək və ya onun hərəkəti zamanı qapıları açmaq; 2) nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək; 3) hərəkət zamanı sükanı əlindən buraxmaq, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etmək; 4) nəqliyyat vasitəsinin təkərlərində və ya banında yol örtüyünü zibilləyən palçıq və s. varsa, yaxud onlardan yanacaq-sürtkü materiallarının, kimyəvi maddələrin, tikinti və digər materiallarının axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət qadağandır. VI. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü Beynəlxalq yol hərəkətində iştirak etdikdə: 1) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, sürücülük vəsiqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır; 2) nəqliyyat vasitəsində onu qeydə almış dövlətin dövlət qeydiyyat nişanı və fərqlənmə nişanı olmalıdır; 3) yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə etməməlidir. Maddə 38. Velosipedçinin vəzifələri Mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməli və bunun üçün: 1) texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən istifadə etməlidir; 2) velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır. Maddə 39. Mal-qara ötürənlərin vəzifələri Mal-qara ötürənlər: 1) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər; 2) sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər; 3) mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər. Maddə 40. Piyadanın vəzifələri I. Piyada: 1) səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir (iri əşyalar daşıyan və ya aparan piyadaların, habelə mühərriksiz əlil arabalarında gedən şəxslərin səki və ya yol çiyini ilə hərəkəti başqa piyadalar üçün maneə yaratdıqda, onlar yolun hərəkət hissəsinin kənarı ilə gedə bilərlər); 2) dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir; 3) yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə nəqliyyat vasitələrinin hərəkəti istiqamətinə qarşı getməlidir (mühərriksiz əlil arabalarında hərəkət edən, motosiklet, moped, velosiped sürən şəxslər belə hallarda nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər); 4) ümumi istifadədə olan nəqliyyat vasitəsini və taksini, yalnız yolun hərəkət hissəsindəki nisbətən azca hündürə qaldırılmış minik meydançalarında, onlar olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləməlidir (azca hündürə qaldırılmış minik meydançalarının olmadığı dayanacaq məntəqələrində nəqliyyat vasitəsinə minmək üçün yolun hərəkət hissəsinə yalnız nəqliyyat vasitəsi dayandıqdan sonra çıxmağa icazə verilir. Nəqliyyat vasitəsindən düşdükdən sonra ləngimədən yolun hərəkət hissəsini tərk etmək lazımdır); 5) hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada svetoforunun, o olmadıqda isə, nəqliyyat svetoforunun işarəsini əsas tutmalıdır; 6) yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdır; 7) üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, yolun hərəkət hissəsini keçməməlidir (hərəkət hissəsində olanlar isə bu nəqliyyat vasitələrinə yol verməli və hərəkət hissəsini dərhal boşaltmalıdırlar); 8) dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməlidir; 9) görünmə zonasında keçid və ya yolayrıcı olmadıqda, ayırıcı zolaq olmayan və sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə hərəkət hissəsinin kənarına nisbətən yolu düzbucaq altında keçməlidir; 10) sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidir. II. Piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. III. Keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər. Piyadalar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və svetoforun (nizamlayıcının) siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər. IV. Mütəşəkkil piyada dəstələrinə yalnız nəqliyyat vasitələrinin hərəkəti istiqamətində, yolun hərəkət hissəsinin sağ tərəfi ilə, bir sırada dörd nəfərdən çox olmayan dəstə ilə getməyə icazə verilir. Dəstənin qabağında və arxasında - sol tərəfdə müşayiətçilər olmalıdırlar, onlar əllərində qırmızı bayraqcıqlar, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində isə, yandırılmış fənərlər: qabaqda - ağ, arxada - qırmızı işıq fənəri tutmalıdırlar. V. Uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşayiəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yol çiyini ilə aparmağa icazə verilir. Maddə 41. Sərnişinin vəzifələri Sərnişin: 1) nəqliyyat vasitəsinə yalnız xüsusi minik meydançasından, belə meydança olmadıqda isə, səkidən və ya yolun çiyini tərəfdən yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra minib-düşməlidir (sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın); 2) hərəkət vaxtı sürücünün diqqətini nəqliyyat vasitəsini idarə etməkdən yayındırmamalıdır; 3) təhlükəsizlik kəməri olan avtomobildə gedərkən kəməri bağlamalı, motosikletdə isə motoşlem geyinməlidir. Maddə 42. Hərəkətə başlama, manevr etmə I. Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. II. Yana uzadılmış sol qol, yaxud yana uzadılaraq düzbucaq şəkildə dirsəkdən yuxarı bükülmüş sağ qol sola (geriyə) dönmə siqnalına uyğundur. Yana uzadılmış sağ qol, yaxud yana uzadılaraq düzbucaq şəklində dirsəkdən yuxarı bükülmüş sol qol sağa dönmə siqnalına uyğundur. Yuxarı qaldırılmış sol və ya sağ qol tormozlama siqnalına uyğundur. III. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. IV. Sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. V. Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. VI. Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır. VII. Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. VIII. Nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. IX. Yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. X. Nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. XI. Tormozlama zolağı olduqda, hərəkət istiqamətini dəyişmək istəyən sürücü vaxtında həmin zolağa keçməli və yalnız burada sürəti azaltmalıdır. Yola giriş yerində sürətləndirmə zolağı olduqda, sürücü həmin zolaqla getməli və bu yolla gedən nəqliyyat vasitələrinə yol verərək qonşu zolağa keçməlidir. XII. Aşağıdakı hallarda geriyə dönmək qadağandır: 1) piyada keçidlərində; 2) tunellərdə; 3) körpülərdə, estakadalarda və onların altında; 4) dəmiryol keçidlərində; 5) ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə; 6) ümumi XIII. Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. XIV. Yolayrıclarında və bu maddənin on ikinci hissəsinə əsasən, geriyə dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət qadağandır. XV. Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yol ayrıcına daxil olan sürücü dairdə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Maddə 43. Avtomagistrallarda hərəkət I. Nəqliyyat vasitələrinin sürücüləri avtomagistrala girdikdə, avtomagistralda hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Sürətləndirmə zolağı olduqda, sürücülər bundan istifadə etməlidirlər. II. Avtomagistrallarda: 1) piyadaların, mal-qaranın, at-araba nəqliyyatının, yük motorollerlərinin, atlıların, əl arabalarının, velosipedlərin, mopedlərin, traktorların, kənd təsərrüfatı maşınlarının və özügedən maşınların, texniki xarakteristikasına və ya vəziyyətinə görə, sürəti saatda 50 kilometrdən az olan digər nəqliyyat vasitələrinin, avtomagistralda xidmət işlərinin görülməsi halları istisna olmaqla, yol maşınlarının hərəkəti; 2) icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakılarda hərəkəti; 3) 5.15 və ya 6.11 nişanları ilə işarə edilmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanmaq; və ya durmaq; 4) geriyə dönmək və ayırıcı zolağın texnoloji kəsiklərinə girmək; 5) geriyə hərəkət etmək; 6) sürmə təlimi keçmək qadağandır. III. Sürücü avtomagistralın hərəkət hissəsində məcburi dayandıqda, nəqliyyat vasitəsini bu Qanunun tələblərinə müvafiq nişanlamalı və onu bu məqsəd üçün nəzərdə tutulan zolağa (hərəkət hissəsinin qırağını göstərən xətdən sağdakı yol hissəsinə) çıxarmaq üçün tədbirlər görməlidir. IV. Bu maddənin tələbləri 5.3 nişanı ilə işarə olunmuş yollara da şamil edilir. Maddə 44. Dəmiryol keçidlərində hərəkət I. Nəqliyyat vasitələrinin sürücüləri dəmir yollarını qatara (lokomotivə, drezinaya) yol verməklə, yalnız dəmiryol keçidlərində keçə bilərlər. II. Sürücü dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etməlidir. III. Keçidə girmək: 1) svetoforun siqnalından asılı olmayaraq şlaqbaum bağlı olduqda və ya bağlanmağa başladıqda; 2) svetoforun qadağan siqnalı yandıqda (şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmayaraq); 3) keçid növbətçisi qadağan siqnalı verdikdə (növbətçi əlindəki jezli, qırmızı fənəri və ya bayraqcığı başı üzərində tutaraq və ya qollarını yana açaraq sinəsi, yaxud kürəyi sürücüyə tərəf dayandıqda); 4) keçiddən o tayda tıxac yarandıqda və bu, sürücünü keçiddə dayanmağa məcbur etdikdə; 5) keçidə qatar (lokomotiv, drezina) yaxınlaşdıqda (görünmə həddində); 6) qarşıdan hərəkət zolağına girməklə, keçid qarşısında dayanmış nəqliyyat vasitələrinin yanından keçib getmək qadağandır.Bundan əlavə: 1) şlaqbaumu özbaşına açmaq; 2) qeyri-nəqliyyat vəziyyətində olan kənd təsərrüfatı, yol, inşaat və s. maşınları və mexanizmləri dəmiryol keçidindən keçirmək; 3) dəmiryol stansiyası rəisinin icazəsi olmadan, sürəti saatda 8 kilometrdən aşağı olan nəqliyyat vasitələrinin, habelə traktora qoşulan yük kirşəsinin hərəkəti qadağandır. IV. Keçiddən hərəkət qadağan olunan hallarda sürücü stop-xəttin, 2.5 nişanın və ya svetoforun yanında, bunlar olmazsa, şlaqbauma azı 5 metr qalmış, şlaqbaum olmadıqda isə birinci relsə azı 10 metr qalmış dayanmalıdır. V. Sürücü keçiddə məcburi dayandıqda, adamları dərhal nəqliyyat vasitəsindən düşürməli və keçidi boşaltmaq üçün tədbirlər görməlidir. Eyni zamanda sürücü: 1) yaxınlaşan qatarı saxlamaq üçün maşinistə dayanma siqnalı verməyi imkan daxilində iki adama başa salıb, onları dəmiryol xətti boyunca 1000 metr məsafədə hər iki tərəfə (bir nəfər olduqda isə yolun daha pis görünən tərəfinə) göndərməlidir; 2) nəqliyyat vasitəsinin yanında qalmalı və ümumi həyəcan siqnalları verməlidir; 3) qatar görünən kimi, ona tərəf qaça-qaça dayanma siqnalı verməlidir. Qeyd: Dayanma siqnalı qolun dairəvi hərəkət etdirilməsindən ibarətdir (gündüz parlaq rəngli parça, yaxud yaxşı görünən hər hansı əşya ilə, gecə məşəl və ya fənərlə). Ümumi həyəcan siqnalı bir neçə dəfə, bir uzun və üç qısa səs siqnalı verməkdən ibarətdir. Maddə 45. Yaşayış zonalarında hərəkət I. Yaşayış zonası olan ərazidə piyadaların hərəkətinə həm səkilərdə, həm də yolun hərəkət hissəsində icazə verilir. Yaşayış zonasında piyadalara üstünlük verilir, lakin onlar nəqliyyat vasitələrinin hərəkəti üçün əsassız maneə yaratmamalıdırlar. II. Yaşayış zonasında xüsusi olaraq ayrılmış, işarələrlə göstərilmiş, nişanlanmış yerlərdən kənarda saatda 20 kilometrdən artıq sürətlə hərəkət etmək, sürmə təlimi keçmək, mühərriki söndürmədən durmaq, habelə icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin durması qadağandır. III. Sürücülər yaşayış zonasından çıxarkən, hərəkətin digər iştirakçılarına yol verməlidirlər. IV. Bu maddənin tələbləri həyət ərazilərinə də şamil edilir. Maddə 46. Velosipedlərin, mopedlərin hərəkətlərinə dair tələblər I. Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Piyadalar üçün maneə yaratmamaq şərti ilə velosipedlərin yol çiyini ilə hərəkətinə icazə verilir. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq üçün dəstələrin arasındakı məsafə 80-100 metr olmalıdır. II. Velosiped və moped sürücülərinə: 1) sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla hərəkət etmək; 2) velosipedin və mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya velosipedi, mopedi idarə etməyə mane olan yük aparmaq; 3) velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək; 4) tramvay hərəkəti olan yollarda və həmin istiqamətdə hərəkət üçün birdən artıq zolağı olan yollarda sola və ya geriyə dönmək; 5) sərnişin daşımaq; 6) nasaz, müəyyən olunmuş qaydada təchiz edilməyən velosipeddən istifadə etmək; 7) velosiped və ya mopedlə birgə istismar üçün nəzərdə tutulan qoşqunun yedəyə alınması istisna olmaqla, velosipedləri və mopedləri, eləcə də velosipedlərlə və mopedlərlə yedəyə almaq qadağandır. III. Yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində velosiped və moped sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Maddə 47. At arabalarının sürülməsinə və mal-qaranın ötürülməsinə dair tələblər I. At arabalarının (kirşələrin), yük və minik heyvanlarının yalnız yolun sağ kənar zolağından mümkün qədər sağ tərəfdə bir cərgədə hərəkətlərinə icazə verilir. Piyadalar üçün maneə yaratmamaq şərtilə onların yol çiyni ilə də hərəkət etmələri mümkündür. II. Yola bitişik ərazidən və ya ikinci dərəcəli yoldan çıxan zaman görünmə məhdud olan yerdə at arabasının (kirşənin) sürücüsü heyvanı cilovundan tutaraq əsas yola çıxarmalıdır. III. Ötməni asanlaşdırmaq üçün yük və minik heyvanları sürülərə, at arabaları (kirşələr) isə sayı 5-dən çox olmayan dəstələrə bölünməlidirlər, bu dəstə və sürülər arasındakı məsafə ən azı 80-100 metr olmalıdır. IV. Mal-qaranı yolda sutkanın işıqlı vaxtı və nazarət etməklə ötürmək lazımdır. Mal-qara ötürənlər mal-qaranı yolun mümkün qədər sağ kənarı ilə ötürməlidirlər. V. Mal-qara dəmiryol xətlərinin və yolun hərəkət hissəsinin üstündən keçirildikdə, sürü mal-qaranı ötürənlərin sayı nəzərə alınmaqla elə sayda dəstələrə bölünməlidir ki, mal-qaranın təhlükəsiz keçirilməsini təmin etmək mümkün olsun. VI. At arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qaranı ötürənlərə: 1) mal-qaranı yolda nəzarətsiz qoymaq; 2) mal-qaranı dəmiryol xətlərinin və yolların üstündən xüsusi olaraq bu məqsəd üçün ayrılmış yerlərdən kənarda, habelə sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində keçirmək (müxtəlif səviyyələrdə mal-qaranı ötürmə yerlərindən başqa); 3) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır. Qeyd: At arabaları (kirşələr) işığı əks etdirən qurğu ilə, sutkanın qaranlıq vaxtı isə, həm də fənərlərlə təchiz olunmalıdırlar. Maddə 48. Nəqliyyat vasitələrinin üstün hərəkət rejimi ilə hərəkəti və bununla əlaqədar digər sürücülərin vəzifələri I. Üstündə «polis», «təcili tibbi yardım», «yanğınsöndürən» yazılar olan, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər. Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs siqnallarını qoşmalıdırlar. II. Yuxarıda nəzərdə tutulmuş nəqliyyat vasitələrindən biri yaxınlaşdıqda, hərəkətdə iştirak edən digər nəqliyyat vasitələrinin sürücüləri sağa dönmə işıq göstəricisini yandırmalı, üstün hərəkət rejimi ilə gedən nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdırlar. Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə daxil olmayan nəqliyyat vasitəsinin belə mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməsi qadağandır. III. Yolayrıcından kənarda, tramvay yollarının yolun hərəkət hissəsi ilə kəsişdiyi yerlərdə tramvay, onun depodan çıxması hallarından başqa, relssiz nəqliyyat vasitələrinə nisbətən üstünlüyə malikdir. IV. 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. V. Yaşayış məntəqələrində sürücülər işarələnmiş dayanacaqdan hərəkətə başlayan trolleybuslara və avtobuslara yol verməlidirlər. Trolleybus və avtobus sürücüləri yalnız onlara yol verildiyinə əmin olduqdan sonra hərəkətə başlaya bilərlər. Üstün hərəkət rejimli nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin qalan iştirakçılarını təhlükə altında qoymamaq şərtilə, bu Qanunun tələblərindən kənara çıxa bilər. Bütün hallarda, o, nizamlayıcının siqnallarına tabe olmalıdır. Maddə 49. Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi I. Normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər.Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır. II. Hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır. III. Üç hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında nəqliyyat vasitələri yolun hərəkət hissəsinin mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunan orta zolağa keçməməlidirlər. Orta zolağa keçməyə yalnız ötmə, yandan keçmə və sola, yaxud geriyə dönmə üçün icazə verilir. IV. Eyni istiqamətdə azı iki hərəkət zolağı olan yolda tramvay yolları olduqda, tramvay yollarına çıxmaq qadağandır. Başqa yollarda nəqliyyat vasitələrinin sürücüləri tramvay yaxınlaşarkən, imkan olan kimi tramvay xəttini boşaltmalıdırlar. V. Eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda nəqliyyat vasitələrinin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı asta gedən nəqliyyat vasitələri yalnız sağ kənar zolaqla hərəkət etməli, tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələri isə həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır; hərəkət istiqamətini sola dəyişmək və ya dönmə halları istisna təşkil edir. VI. Nəqliyyat vasitələrinin sürücüləri intensiv hərəkət vaxtı yalnız sola və ya sağa dönmək, ötməyə hazırlaşmaq, hərəkəti düzünə istiqamətdə davam etdirmək, dayanacağa və ya duracağa çıxmaq üçün olduqları hərəkət zolağını qaydalara əməl etməklə dəyişə bilərlər. Maddə 50. Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi I. Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. II. Nəqliyyat vasitələri: 1) yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz, yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə); 2) minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda: avtomagistrallarda - saatda 110 kilometrdən çox olmayan sürətlə; başqa yollarda - saatda 90 kilometrdən çox olmayan sürətlə; 3) şəhərlərarası və xüsusilə kiçik avtobuslar və motosikletlər yaşayış məntəqələrindən kənarda bütün yollarda saatda 90 kilometrdən çox olmayan sürətlə; 4) digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda:avtomagistrallarda - saatda 90 kilometrdən çox olmayan sürətlə; başqa yollarda - saatda 70 kilometrdən çox olmayan sürətlə; 5) banında adamlar daşıyan yük avtomobilləri - saatda 50 kilometrdən çox olmayan sürətlə; 6) yedəyində mexaniki nəqliyyat vasitələri aparan nəqliyyat vasitələri - saatda 50 kilometrdən çox olmayan sürətlə; 7) təhlükəli, ağır çəkili və iri qabaritli yüklər daşıyan nəqliyyat vasitələri - daşıma şərtləri razılaşdırılarkən müəyyən edilmiş həddən çox olmayan sürətlə hərəkət etməlidirlər. III. Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. IV. Yaşayış məntəqələrindən kənarda ötməni asanlaşdırmaq məqsədilə, asta gedən, ağır yüklü və ya uzun nəqliyyat vasitələrinin sürücüləri özlərindən qabaqda gedən nəqliyyat vasitəsi ilə kifayət qədər ara məsafəsi saxlamalıdırlar ki, onları ötən nəqliyyat vasitələri ötməni tam təhlükəsiz şəraitdə başa çatdırsınlar. Əgər sürücü ötmə əməliyyatına başlamışdırsa və ötürsə, bu tələbə əməl olunmur. V. Üstün hərəkət rejimli nəqliyyat vasitələri zərurətdən irəli gələn sürətlə hərəkət edə bilərlər. Göstərilən nəqliyyat vasitələrinin sürücüləri yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün hər cür tədbir görməlidirlər. VI. Sürücülərə: 1) nəqliyyat vasitəsini onun texniki xarakteristikası üzrə müəyyən edilmiş maksimum sürətdən artıq sürmək; 2) lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq; 3) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır. Maddə 51. Ötmə və qarşılıqlı keçmə I. Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki: 1) girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; 2) eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir; 3) qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. II. Relssiz  nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. III. Ötmənin sonunda (sağ tərəfdən ötməyə icazə verilən hallardan başqa) sürücü əvvəl tutduğu hərəkət zolağına qayıtmalıdır. Lakin eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olduqda, ötən sürücü əgər əvvəl tutduğu zolağa qayıdıb dərhal yenidən ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn nəqliyyat vasitələri üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər. IV. Hərəkət sürətini artırmaqla və ya başqa hərəkətlərlə ötən nəqliyyat vasitəsinin sürücüsünə maneçilik törətmək qadağandır. V. Ötmə: 1) nizamlanan yolayrıclarında - əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında - baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə); 2) piyada keçidlərində - piyadalar olduqda; 3) dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda; 4) ötən və ya yanından keçən nəqliyyat vasitəsini; 5) yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində - əks istiqamətli hərəkət zolağına çıxmaqla; 6) tunellərdə qadağandır. VI. Yaşayış məntəqələrindən kənarda asta gedən və ya iriqabaritli nəqliyyat vasitəsini ötmək çətinləşdikdə, sürücü nəqliyyat vasitəsini mümkün qədər sağa çəkməli, lazım gəldikdə isə arxasında yığılmış nəqliyyat vasitələrini buraxmalıdır. VII. Qarşılıqlı keçmə çətinləşən hallarda - hansı sürücü tərəfdə maneə varsa, həmin sürücü yol verməlidir. 1.13 və 1.14 nişanları ilə işarələnmiş yerlərdə maneə olduqda, enişlə aşağı hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü yoxuşla yuxarı gedən nəqliyyat vasitəsinə yol verməlidir. Maddə 52. Dayanma və durma I. Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. II. Yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində tramvay yolunun olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya birtərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək və ya boşaltmaq üçün) icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. III. Yaşayış məntəqəsindən kənarda uzunmüddətli dincəlmə, gecələmə və istirahət üçün durmağa yalnız bu məqsədlə düzəldilmiş meydançalarda və ya yoldan kənarda icazə verilir. IV. Aşağıdakı yerlərdə: 1) tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradarsa; 2) dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında; 3) 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə; 4) piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda; 5) hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında - hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda; 6) 1.1-1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda; 7)dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda; 8) nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri- mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; 9) nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - səkilərdə; 10) 3.27 yol nişanının və 1.4 nişanlanma xəttinin təsir zonalarında; 11) avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır. IV-I. Ümumi istifadədə olan nəqliyyat vasitəsi sürücüsünün sərnişinləri mindirmək və düşürtmək üçün nəqliyyat vasitəsini bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənar dayandırması qadağandır. Taksilərin bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağandır. V. Nəqliyyat vasitəsini duracağa qoyduqda sürücü mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalı, təkərləri səkiyə və ya yolun qırağındakı başqa maneəyə tərəf çevirməli və qapıları kilidləməlidir. İcazə verilən maksimum kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitəsini yoxuşda və ya enişdə duracağa qoyduqda, nəqliyyat vasitəsinin öz-özünə hərəkət etməsinə yol verməmək üçün sürücü təkərlərdən heç olmasa birinin altına tıxac qoymalıdır. VI. Nəqliyyat vasitələrinin aşağıdakı yerlərdə durması qadağandır: 1) dayanmanın qadağan edildiyi yerlərdə; 2) yaşayış məntəqələrindən kənarda - yolların hərəkət hissəsində; 3) 5.1 nişanı ilə işarələnmiş yerlərdə; 4) dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; 5) girişin, habelə darvaza qarşısında; 6) 3.28 yol nişanınınvə 1.10 nişanlanma xəttinin təsir zonalarında. VII. Dayanmanın qadağan edildiyi yerlərdə məcburi dayandıqda sürücü nəqliyyat vasitəsinin həmin yerlərdən aparılması üçün mümkün olan bütün tədbirləri görməlidir. VIII. Nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır. IX. Nəqliyyat vasitəsinin öz-özünə hərəkətini və ya sürücü olmadıqda ondan istifadəni istisna edən zəruri tədbirləri gördükdən sonra sürücü öz yerini tərk edə və ya nəqliyyat vasitəsini qoyub gedə bilər. Maddə 53. Parklanma I. Nəqliyyat vasitələrinə xüsusi olaraq ayrılan, nişanlarla və ya nişanlama xətti ilə işarələnən yerlərdə parklanmağa icazə verilir. II. Yol hərəkətinin təhlükəsizliyini təmin etməyən yerlərdə və yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin parklanması qadağandır. Maddə 54. Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması I. Nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. II. Əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər. III. Əgər piyada keçidindən o biri tərəfdə tıxac yaranıbsa və bu, sürücünü piyada keçidində dayanmağa məcbur edəcəksə, onun piyada keçidinə girməsi qadağandır. IV. Sürücü yaşayış məntəqələrində, piyada keçidlərindən kənarda ağ çəliklə işarə verən kor piyadalara yol verməlidir. V. Əgər ümumi istifadədə olan nəqliyyat vasitəsinə minmə və ya ondan düşmə yolun hərəkət hissəsində və ya orada yerləşən minik meydançasında aparılırsa, sürücü dayanacaqda duran ümumi istifadədə olan nəqliyyat vasitəsinə doğru gedən və ya ondan düşüb gedən sərnişinlərə yol verməlidir (qapılar tərəfdən). VI. «Uşaqlar» tanınma nişanı olan dayanmış nəqliyyat vasitəsinə yaxınlaşarkən, sürücü sürəti azaltmalı, lazım gəldikdə dayanmalı və uşaqlara yol verməlidir. Maddə 55. Nasaz nəqliyyat vasitələri və onların yedəyə alınması I. Nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsilə bir səviyyədə və ya ondan hündür olan yol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxud yolun çiyininə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, texniki yardım xidmətinə məlumat verməlidir. II. Dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. III. Qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa tərəfində, zərurət olduqda isə, həm də qabaq tərəfində, həmin zolaqda, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu kifayət qədər məsafədən görə bilsinlər. Yaşayış məntəqələrində hərəkət intensiv olduqda, qəza dayanma nişanı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə elə qoyula bilər ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu görə bilsin. IV. Əgər nəqliyyat vasitəsi qəza işıq siqnalı ilə təchiz edilməmişdirsə və ya bu siqnal saz deyildirsə, sürücü gecə vaxtı və ya məhdudiyyətli görünmə şəraitində yanıb-sönən qırmızı işıqlı portativ fənərdən istifadə edə bilər. Həmin fənər bu maddənin üçüncü hissəsinin tələblərinə uyğun quraşdırılır. V. Nəqliyyat vasitələri aşağıdakı qaydalara əməl edilməklə yedəyə alınır: 1) yedəyə alan nəqliyyat vasitəsinin sükanı arxasında azı bir il sürücülük təcrübəsi olan sürücü əyləşməlidir; 2) yedəyə alınan nəqliyyat vasitəsinin sükanı arxasında sürücü və ya müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olan başqa şəxs əyləşməlidir; 3) yedəyə alan nəqliyyat vasitəsinin sürücüsü hərəkətə başladıqda, gündüz vaxtı yaxın işıq faralarını yandırmalıdır; 4) yedəyə alınan nəqliyyat vasitəsinin sürücüsü yedəyə alan nəqliyyat vasitəsi sürücüsünün siqnallarına uyğun siqnallar verməlidir; 5) nəqliyyat vasitəsi öz kütləsindən artıq olan nəqliyyat vasitəsini yedəyə almamalıdır (yedəyə almaq üçün xüsusi olaraq nəzərdə tutulan nəqliyyat vasitələrinin yedəyə alması halları istisna təşkil edir); 6) yedəyə alma zamanı hərəkət sürəti 50 km/saatdan artıq olmamalıdır; 7) yedəyə alma zamanı yedəyə alınan avtobusda, trolleybusda və yük avtomobilinin bort platformasında sərnişin daşınması qadağandır; 8) tormozu və sükanı nasaz olan nəqliyyat vasitələrinin yedəyə alınması onların tam və ya qismən yüklənməsi yolu ilə həyata keçirilməlidir; 9) birləşdirici hissə sərt yedəyə almada nəqliyyat vasitələri arasında ən çoxu 4 metr, elastik yedəyə almada isə 4 metrdən 6 metrə qədər məsafə qalmasını təmin etməlidir. Elastik yedəyə alma zamanı birləşdirici hissəsinin hər metri uyğun olaraq siqnal lövhəcikləri və ya bayraqcıqları ilə işarələnir. VI. Aşağıdakı hallarda yedəyə alma qadağan edilir: 1) buzlu yol şəraitində; 2) yedəyə almadan sonra ümumi nəqliyyat qatarının uzunluğu 24 metrdən artıq olduqda; 3) ikitəkərli motosikletlərlə və ya onları; 4) birdən artıq nəqliyyat vasitəsini. Maddə 56. Adamların daşınması I. Banında adamlar daşınan yük avtomobillərini yalnız «S» kateqoriyalı (kabinədəki sərnişinlər də daxil olmaqla nəfərədək adam daşındıqda), habelə «C» və «D» kateqoriyalı sürücülük vəsiqəsinə malik olan şəxslərin idarə etməsinə icazə verilir. II. Yük avtomobilinin bort platformasında gedərkən hərəkət vaxtı ayaq üstə durmaq, bort və ya yükün üstündə oturmaq, nəqliyyat vasitəsinin qapısını açmaq qadağandır. Qeyd: Hərbi sürücülərin yük avtomobillərində adamların daşınmasına buraxılması müəyyən edilmiş qaydada həyata keçirilir. III. Bort platforması olan yük avtomobili aşağıdakı qaydada təchiz edildikdə onun banında adamların daşınmasına yol verilir: 1) yük avtomobilinin banında oturacaqlar döşəmədən 0,3-0,5 metr hündürlükdə, bortun üst hissəsindən ən azı 0,3 metr aşağıda bərkidilməlidir; 2) arxa və yan bortlar boyu yerləşən oturacaqların söykənəcək hissəsi möhkəm olmalıdır. IV. Yük avtomobilinin banında daşınan adamların sayı oturmaq üçün düzəldilən yerlərin sayından artıq olmamalıdır. V. Yük avtomobilinin sürücüsü hərəkətə başlamazdan əvvəl minmək, düşmək və banda yerləşmək qaydası haqqında sərnişinlərə təlimat verməlidir. Yalnız sərnişinlərin təhlükəsiz daşınması üçün şəraitin təmin edildiyinə əmin olduqdan sonra hərəkətə başlamaq olar. VI. Adam daşımaq üçün avadanlıq qoyulmamış yük avtomobilinin bort platforması olan banında yalnız yükü müşayiət edən və ya onu almalı olan şəxslər, avtomobil bortun səviyyəsindən aşağıda yerləşən oturacaq yeri ilə təmin edilmiş olduqda, gedə bilərlər. VII. Avtobusda qrupla uşaq daşındıqda onların yanında bir nəfər yaşlı müşayiətçi olmalıdır. Bu nəqliyyat vasitələrinin önündə və arxasında «Uşaqlar» tanınma nişanı olmalıdır. VIII. Sürücü sərnişinləri yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə isə yalnız qapıları bağladıqdan sonra başlamalı və onları tam dayanana qədər açmamalıdır. IX. Adamların daşınması: 1) avtomobilin (bort platforması olan yük avtomobilinin banında və ya ban-furqonunda daşınmasından başqa), traktorun, digər özügedən maşınların kabinəsindən kənarda, yük qoşqusunda, qoşqu-yaylaqda, yük motosikleti banında və motosikletin konstruksiyasında oturmaq üçün nəzərdə tutulmayan yerlərdə; 2) 12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktik kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları həmin nəqliyyat vasitələrində daşımaq; 3) yük avtomobillərinin bort platformasında, ban furqonlarında uşaqların qrup halında daşınması qadağan edilir. X. Sərnişinlərə: 1) hərəkət vaxtı ümumi istifadədə olan nəqliyyat vasitələrinə minmək, düşmək, onun qapılarını açıq saxlamaq və ya güclə açmaq; 2) hərəkət vaxtı tramvayların, trolleybusların, avtobusların və ya digər nəqliyyat vasitələrinin pillələrində dayanmaq və ya yük avtomobilinin banında ayaq üstə durmaq; 3) nəqliyyat vasitəsi dayandıqda və ya durduqda, heç bir təhlükənin olmadığını yəqin etmədən onun qapılarını açmaq; 4) sürücünü nəqliyyat vasitəsini idarə etməkdən yayındırmaq; 5) nəqliyyat vasitəsindən çıxdıqdan sonra, səbəb olmadan yolun hərəkət hissəsində ləngimək; 6) nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır. XI. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin, habelə adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması qadağandır. Maddə 57. Yüklərin daşınması I. Daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. II. Yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir. III. Yükün daşınmasına: 1) adamları təhlükəyə məruz qoymaması, şəxsi və ya digər əmlaka zərər vurmaması; 2) sürücünün ətrafı görməsini məhdudlaşdırmaması, nəqliyyat vasitəsinin davamlılığını pozmaması və idarə olunmasını çətinləşdirməməsi; 3) yükün yerlə sürünməməsi və yola düşməməsi; 4) yükün xarici işıq siqnallarının və işıqqaytarıcıların, qeydiyyat və tanınma nişanlarının üstünü tutmaması, habelə əl ilə verilən siqnalların qəbul edilməsinə mane olmaması; 5) səs salmaması, toz qaldırmaması, yolu və ətraf mühiti çirkləndirməməsi şərti ilə yol verilir. IV. Yükün vəziyyəti və yerləşdirilməsi göstərilən tələblərə cavab vermədikdə, sürücü sadalanan daşıma qaydalarının pozulmasını aradan qaldırmaq üçün tədbirlər görməli və ya hərəkəti dayandırmalıdır. V. Yük qabaq və ya arxa tərəfdən nəqliyyat vasitəsinin qabaritindən - qabarit işığının xarici kənarından 1 metrdən çox və ya yan tərəfdən 0,4 metrdən çox qırağa çıxdıqda «İri qabaritli yük» tanınma nişanı ilə işarələnməlidir, sutkanın qaranlıq vaxtı və məhdud görünmə şəraitində isə, bundan başqa, qabaq tərəfdən ağ işıq fənəri və ya işıqqaytarıcı ilə arxa tərəfdən qırmızı işıq fənəri və ya işıqqaytarıcı ilə işarə olunmalıdır. VI. Ağır çəkili və təhlükəli yüklərin, zərərsizləşdirilməmiş taranın daşınması, yüklə birlikdə və ya yüksüz qabarit parametrlərinin eni 2,5 metrdən, hündürlüyü yolun hərəkət hissəsinin səthindən 4 metrdən, uzunluğu bir qoşqulu avtoqatar üçün 20 metrdən, iki qoşqulu avtoqatar üçün 24 metrdən artıq olan, yaxud yükü nəqliyyat vasitəsinin qabaritinin arxa nöqtəsindən 2 metrdən çox kənara çıxan nəqliyyat vasitələrinin, iki və daha çox qoşqulu avtoqatarların hərəkəti xüsusi qaydalara uyğun olaraq həyata keçirilir. VII. Taxıl, ot, yem və tökülən digər yüklər daşınarkən, onların üstünə örtük çəkilməlidir. VIII. Nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə düşən yük maneə yaratdıqda və onu dərhal aradan götürmək mümkün olmadıqda, sürücü qəza dayanma nişanı və ya yanıb-sönən qırmızı işıqlı portativ fənər qoymalıdır. IX. Mikroavtobusların, avtobusların və minik maşınlarının sürücülərinə: a) nəqliyyat vasitəsinin damında xüsusi olaraq bu məqsəd üçün yük yeri quraşdırılmadıqda, onun damında yük daşımaq; b) yük yerinin qarşısını açıq qoymaqla, iri həcmli və ya çox uzun əşyalar daşımaq qadağandır. X. Tezalışan, partlayış qorxusu olan, radioaktiv, güclü zəhərləyici maddələr və ya digər təhlükəli yüklər yalnız fərqləndirmə-tanınma nişanları olan xüsusi təchiz edilmiş nəqliyyat vasitələri ilə və xüsusi qaydalarda müəyyən edilmiş şərtlərlə daşınır. Maddə 58. Nizamlayıcının siqnalları I. Yollarda, yolayrıcılarında və digər yerlərdə yol hərəkəti qaydalarına nəzarəti həyata keçirmək, yol hərəkətinin gərginliyinə yol verməmək və ya onu aradan qaldırmaq üçün nizamlayıcı siqnallarından istifadə olunur (2 saylı Əlavə). II. Nizamlayıcının siqnallarının aşağıdakı mənaları vardır: 1) Bütün nəqliyyat vasitəsi sürücülərinə və piyadalara aid olan siqnallar: a) «Diqqət. Hərəkət dayandırılsın» siqnalı hərəkəti qadağan edir, lakin siqnal verilərkən yolayrıcında olan sürücülərə və piyadalara hərəkətlərini davam etməyə icazə verir; b) «Müəyyən istiqamət üzrə hərəkət» siqnalı nizamlayıcının sinə və arxa tərəfindən gələn nəqliyyat vasitələrinin və piyadaların hərəkətini qadağan edir, sol və sağ tərəfindən gələn tramvayların düzünə, relssiz nəqliyyat vasitələrinin düzünə və sağa hərəkət etməsinə, sinə və arxa tərəfindən isə piyadalara yolun hərəkət hissəsini keçməyə icazə verir; v) «Sola dönmə» siqnalı nizamlayıcının sol tərəfindən gələn tramvayların sola dönməsinə, relssiz nəqliyyat vasitələrinə bütün istiqamətlərdə hərəkət etməyə, sinə tərəfindən gələn nəqliyyat vasitələrinə sağa dönməyə, arxa tərəfindən piyadalara hərəkət hissəsini keçməyə icazə verir, sağ və arxa tərəfindən gələn nəqliyyat vasitələrinin hərəkətini isə qadağan edir; 2) Konkret nəqliyyat vasitəsi sürücüsünə və piyadaya aid olan siqnallar: a) «Sürəti azaldın» siqnalı nizamlayıcı əl ilə yuxarı-aşağı hərəkətlər edərsə, hərəkətə icazə verilən istiqamətlərdə sürücüdən öz nəqliyyat vasitəsinin sürətini azaldılmasını tələb edir; b) «Sürəti artırın» siqnalı nizamlayıcı əli ilə üfiqi vəziyyətdə (saat əqrəbi istiqamətində) dairəvi hərəkətlər edərsə, hərəkətə icazə verilən istiqamətlərdə sürücüdən öz nəqliyyat vasitələrinin sürətini artırmaq, piyadalardan isə yolu keçməsini tezləşdirməyi tələb edir; v) «Dayanın» siqnalı nizamlayacı tərəfindən hər hansı nəqliyyat vasitəsinə tərəf yönəldilmişdirsə, onun sürücüsündən öz nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında dayandırmasını tələb edir. III. Müstəsna hallarda (yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə təxirə salınmayan tədbirlərin görülməsi üçün zərurət yaranarsa), nizamlayıcı bu maddənin ikinci hissəsində göstərilən siqnalların mənalarından fərqli olaraq yol hərəkəti iştirakçılarına aydın olan digər siqnalları verə bilər. IV. Bu maddədə nəzərdə tutulmuş siqnalları verərkən, nizamlayıcı fitdən də istifadə edə bilər. V. Nizamlayıcı elə yerdə dayanmalı və elə təchiz edilməlidir ki, yol hərəkəti iştirakçıları onun tərəfindən verilən siqnalları sutkanın işıqlı və qaranlıq vaxtı seçə bilsinlər. Bu məqsədlə sutkanın qaranlıq vaxtında nizamlayıcı işıq düşən yerdə dayanmalıdır və ya istifadə edilən jezl işıq saçan və yaxud işıq verən olmalıdır. Maddə 59. Svetoforun siqnalları I. Yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir (3 saylı Əlavə). II. Təyinatından asılı olaraq svetofor siqnalları dairəvi formalı, ox (oxlar), piyadanın və ya velosipedin silueti şəklində və X formalı ola bilər. Dairəvi siqnallı svetoforların yaşıl ox (oxlar) şəklində bir və ya iki əlavə bölməsi ola bilər: həmin bölmələr dairəvi yaşıl siqnalın səviyyəsində yerləşdirilir. III. Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır: 1) yaşıl rəngli işığın yanması - bu siqnal hərəkətə icazə verir; 2) yaşıl rəngli işığın yanıb- sönməsi - bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər); 3) sarı rəngli işığın yanması - bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; 4) sarı rəngli işığın yanıb-sönməsi - hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir; 5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi - bu siqnal hərəkəti qadağan edir; 6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması - bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. IV. Svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola dönməyə icazə verən ox, müvafiq yol nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda, geriyə dönməyə də icazə verir. Əlavə bölmədəki yaşıl oxun da mənası belədir. Əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir. V. Svetoforun əsas yaşıl işığının üstünə qara konturlu ox (oxlar) çəkilmişsə, bu, sürücülərə svetoforun əlavə bölməsinin olduğunu bildirir və əlavə bölmənin işığında göstəriləndən fərqlənən digər istiqamətlərdə hərəkətə icazə verir. VI. Svetoforun işığı piyada (velosiped) silueti şəklindədirsə, onun qüvvəsi yalnız piyadalara (velosipedçilərə) şamil edilir. Bu zaman yaşıl işıq piyadaların (velosipedçilərin) hərəkətinə icazə verir, qırmızı işıq isə onların hərəkətini qadağan edir. Velosipedçilərin hərəkətini nizamlamaq üçün həmçinin dairəvi işıqları olan kiçik ölçülü svetoforlardan da istifadə edilə bilər; həmin svetoforlara üzərində qara rəngli velosiped təsviri olan 200x200 mm ölçüdə ağ rəngli düzbucaqlı lövhə əlavə olunur. VII. Kor piyadalara yolun hərəkət hissəsini keçməyin mümkünlüyünü bildirmək üçün svetoforun işıq siqnallarına səs siqnalı da əlavə edilə bilər. VIII. Yolun hərəkət hissəsinin zolaqları ilə, xüsusən hərəkət istiqaməti əks tərəfə dəyişə bilən zolaqları ilə nəqliyyat vasitələrinin hərəkətini nizamlamaq üçün belə yollarda qırmızı rəngli X formalı siqnalı və aşağı yönəldilmiş oxşəkilli yaşıl siqnalı olan qarşılıqlı svetoforlar tətbiq edilir. Bu siqnallar onların altında yerləşən zolaqda hərəkəti müvafiq sürətdə qadağan edir və ya ona icazə verir. Qarşılıqlı svetoforun əsas siqnallarına diaqonal üzrə aşağı sağa və ya sola istiqamətləndirilmiş oxşəkilli sarı siqnal əlavə edilə bilər; onun yanması siqnalın dəyişəcəyini və oxun göstərdiyi zolağa keçməyin zəruriliyini bildirir. Hər iki tərəfdən 1.9 nişanlama xətti olan zolağın üzərində asılmış qarşılıqlı svetofor siqnalları yanmadıqda, bu zolağa girmək qadağandır. IX. Tramvaylar, habelə digər ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolaqda hərəkət edən həmin nəqliyyat vasitələrinin hərəkətini nizamlamaq üçün «T» hərfi şəklində yerləşmiş ağ-sarımtıl dörd dairəvi siqnalı olan birrəngli siqnal svetoforları tətbiq edilə bilər. Svetoforun aşağısında yanan siqnalla eyni anda yuxarıda yanan bir və ya bir neçə siqnal - hərəkətə icazə verir. Aşağı siqnalla birlikdə: yuxarıdakı sol siqnal yananda - sola, ortadakı yananda - düzünə, sağdakı yananda - sağa hərəkət etməyə icazə verir. Əgər yalnız yuxarıdakı üç siqnal yanırsa, hərəkət qadağandır. X. Dəmiryol keçidində yerləşən dairəvi ağ-sarımtıl siqnal nəqliyyat vasitələrinin keçiddən keçib getməsinə icazə verir. Yanıb-sönən ağ-sarımtıl və sönmüş qırmızı siqnal olduqda görmə sahəsi həddində keçidə yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığı halda hərəkətə icazə verir. XI. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yol hərəkəti təhlükəsizlik komissiyasının qərarı olmadan onların ərazisində yerləşən yollarda svetoforlar qurmaq qadağandır. XII. Yollarda svetoforların qurulması və onların lazımi vəziyyətdə işləməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. XIII. Müvafiq qərar olmadan svetoforların qurulması üçün onları quraşdıran şəxslər məsuliyyət daşıyırlar. Maddə 60. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi I. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. II. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında - kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə - hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. III. Sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır. IV. Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. V. Nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər. VI. Dəmiryol keçidlərində svetoforun yanıb-sönən qırmızı siqnalı ilə bərabər, keçiddən keçməyin qadağan olunması barədə hərəkət iştirakçılarına əlavə məlumat vermək üçün səs siqnalı da tətbiq oluna bilər. Maddə 61. Yol nişanları I. Yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). II. Yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). III. Hər bir yol nişanının öz nömrəsi olur ki, onun birinci rəqəmi qrupun nömrəsinə uyğun olur, sonrakı rəqəmlər qrupda ardıcıl nömrəni və müxtəliflik mövcud olduqda onun ardıcıl nömrəsini əks etdirir. IV. Müxtəlif qruplardan toplanan üstünlük nişanlarından başqa, hər qrup yol nişanlarının özünə məxsus rəngi və forması vardır. V. Yol nişanlarının sutkanın hər bir vaxtı fərqləndirilməsi və oxunması üçün, onlar daxili və xarici işıqlandırılma və ya işıqqaytarıcı səth ilə (nəqliyyat vasitələrinin işıq cihazlarının işığını əks etdirən xırda şüşə kürəciklərinin əsasında xüsusi nazik pərdə) təchiz edilirlər. Daxildən işıqlandırılmış nişanlar yolun süni işıqlandırılmış yerlərində qurulur. Süni işıqlandırılmamış yollarda işıqqaytarıcı səthli nişanlar tətbiq olunur. İşıqqaytarıcı səthli nişanların 100 metrdən az olmayan məsafədən görünməsi təmin edilərsə, onların stasionar işıqlandırılmış yollarda da qurulmasına yol verilir. VI. Yol nişanlarının yerləşdirilməsi müvəqqəti xarakter daşıyırsa (məsələn, yollarda təmir işləri görülürsə, yolun üstü sürüşkəndirsə və s.) və onların istifadə edilməsinə ehtiyac qalmayıbsa, bu nişanlar təcili çıxarılmalıdırlar. VII. Yolun eyni kəsiyində üçdən artıq yol nişanının qurulmasına icazə verilmir (təkrar olunan nişanlar və əlavə lövhəciklər nəzərə alınmamaqla). Xüsusi qeyd olunmuş hallardan başqa yolun sağ tərəfində bütün yol nişanları qurulur. İki və ya artıq zolaqlarla bir istiqamətdə hərəkəti olan yollarda yol nişanları vaxtlı-vaxtında sürücü tərəfindən çətinliklə qavranılarsa, onlarda olan məlumat nəzərə alınmaqla nişanlar təkrar qurulmalıdır. Təkrar nişanlar ayırıcı zolaqlarda, əgər ayırıcı zolaq yoxdursa və əks istiqamətli hərəkət üçün iki hərəkət zolağından artıq hərəkət zolağı nəzərdə tutulmamışdırsa, belə yol nişanları yolun sol tərəfində qurulurlar. Yolun solunda yerləşdirilən yol nişanının görünməsinin təmin olunması mümkün deyilsə və ya əks istiqamətli hərəkət üçün üç və artıq hərəkət zolağı vardırsa, onda yol nişanları yolun hərəkət hissəsinin üstündə qurulurlar. VIII. Yol nişanlarının qavranması üçün münasib şəraitin yaradılmasının təmin olunması məqsədilə, onlar dəqiq müəyyənləşdirilmiş yerdə yolun hərəkət hissəsinə nisbətən yerləşdirilirlər. Yol nişanlarının qurulmasından asılı olaraq, onun alt hissəsindən örtüyə qədər olan məsafə: 1) yaşayış məntəqələrindən kənar olan yolların qırağında - 1,5-2,2 metr; 2) eyni ilə yaşayış məntəqələrində - 2-4 metr; 3) təhlükəsizlik adacıqlarında və yolun hərəkət hissəsində - 0,6 metrdən az olmadan; 4) yolun hərəkət hissəsinin üstündə - 5-6 metr təşkil etməlidir. IX. Yolun hərəkət hissəsinin kənarından, yol çiyninin isə torpaq örtüyünün kənarından quraşdırılmış nişana qədər məsafə 0,5-2,2 metr, 5.20.1, 5.21.1-5.27 nişanlarının qırağına qədər olan məsafə isə 0,5-5 metr olmalıdır. X. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının yol hərəkəti təhlükəsizlik komissiyasının qərarı olmadan onların ərazisində yerləşən yollarda yol nişanları qurmaq qadağandır. XI. Yollarda yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmamasına nəzarət Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. XII. Müvafiq qərar olmadan yol nişanlarının qurulması üçün onları quraşdıran şəxslər məsuliyyət daşıyırlar. Maddə 62. Xəbərdarlıq nişanları I. Xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir. II. Xəbərdarlıq nişanlarının əsas fərqləndirici əlamətləri (1.3, 1.4 və 1.31 qrupları istisna olmaqla) onların ağ fonlu üçbucaqlı və qırmızı haşiyəli formasıdır. Onlar heç bir məhdudiyyət nəzərdə tutmurlar. Lakin belə işanları görən sürücü diqqətini artırmalı və şəraitə uyğun təhlükəsizlik tədbirləri görməyə hazır olmalıdır. III. Xəbərdarlıq nişanlarını hərəkətin icazə verilmiş sürətindən, görünmə şəraitindən və onların yerləşdirilməsi imkanından asılı olaraq yaşayış məntəqələrindən kənarda, təhlükəli sahələrin başlanğıcından 150-300 metr, yaşayış məntəqələrində isə 50-100 metr aralıda quraşdırırlar. Zərurət olduqda bu nişanlar başqa məsafədə də quraşdırıla bilər. Bu halda təhlükəli sahəyə qədər yolayrıcı varsa, bu yolayrıcından sonra təkrar nişan 7.1.1 lövhəciyi ilə quraşdırılır. Bundan başqa kəsişən (və ya birləşən) yolda yolayrıcından 50 metr məsafədə 7.1.3 və ya 7.1.4 lövhəciklərindən biri ilə birlikdə belə xəbərdarlıq nişanı quraşdırıla bilər. IV. Xəbərdarlıq nişanlarını: 1) yolun hərəkət hissəsində qısamüddətli işlər aparılarkən 1.23 nişanı işlərin aparıldığı yerə 10-15 metr qalmış (7.1.1 lövhəciyi olmadan); 2) enişlər və yoxuşlar bir-birinin ardınca gəlirsə, 1.13 və 1.14 nişanları 7.1.1 lövhəciyi olmadan, enişin və ya yoxuşun başlanğıcında; 3) yaşayış məntəqələrindən kənarda 1.1, 1.2, 1.9, 1.10, 1.21 və 1.23 nişanları təkrarlanırsa, ikinci nişan təhlükəli sahənin başlanmasına azı 50 metr qalmış; 4) 1.3.1 və 1.3.2 nişanları bilavasitə dəmiryol keçidinin qabağında quraşdırılır. Maddə 63. Üstünlük nişanları I. Üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. II. Üstünlük nişanları başqa qruplardan toplandığına görə vahid forma və rəng fonuna malik deyildirlər. Maddə 64. Qadağan nişanları I. Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. II. Onların dairəvi forması, ağ fonu, 3.27-3.30 işarələrinin mavi və qırmızı haşiyəsi vardır. 3.1, 3.21, 3.23, 3.25 və 3.31 nişanlar rəngli tərtibatla fərqlənirlər. III. Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Qadağan nişanları əvvəlcədən 7.1.1 lövhəciyi ilə quraşdırıla bilər. IV. 3.2-3.9, 3.34 və 3.35 qadağan nişanları müvafiq nəqliyyat vasitələrinin hər iki istiqamətdə hərəkətini qadağan edir. V. Qadağan nişanlarının qüvvəsi aşağıdakılara şamil edilmir: 1) çıxarılmışdır; 2) 3.2-3.8 - işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə bu sahədə yaşayan və ya işləyən vətəndaşlara xidmət edən və ya məxsus olan nəqliyyat vasitələrinə. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın olan yolayrıcından girib-çıxmalıdırlar; 3) çıxarılmışdır; 4) 3.2, 3.28-3.30 - I və II qrup əlillərin idarə etdiyi tanınma nişanına malik nəqliyyat vasitələrinə; 5) 3.18.1, 3.18.2 nişanlarının qüvvəsi, qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə aiddir. VI. 3.16, 3.20, 3.22, 3.24, 3.26-3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmuş digər ikinci dərəcəli yollarda kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. VII. 5.22 nişanı ilə işarələnən yaşayış məntəqəsindən qabaqda qurulmuş 3.24 nişanı həmin nişana qədər qüvvədə olur. VIII. Nişanların qüvvədə olduğu sahə aşağıdakı üsullarla azaldıla bilər: 1) 3.16 və 3.26 nişanları üçün - 7.2.1 lövhəciyi tətbiq etməklə; 2) 3.20, 3.22, 3.24 nişanları üçün - onların qüvvədə olduğu sahənin qurtaracağında müvafiq olaraq 3.21, 3.23, 3.25 nişanları qoymaqla və ya 7.2.1 lövhəciyi tətbiq etməklə. 3.24 nişanının qüvvədə olduğu sahəni maksimum hərəkət sürətinin başqa kəmiyyəti göstərilən 3.24 nişanı qoymaqla azaltmaq olar; 3) 3.27-3.30 nişanları üçün - onların qüvvədə olduğu sahənin qurtaracağında 3.27-3.30 nişanlarını 7.2.3 lövhəciyi ilə təkrarən qoymaqla və ya 7.2.2 lövhəciyi tətbiq etməklə, 3.27 nişanı 1.4 nişanlama xətti ilə birlikdə; 3.28 nişanı isə 1.10 nişanlama xətti ilə birlikdə tətbiq edilə bilər: bu zaman nişanların qüvvədə olduğu sahə nişanlama xəttinin uzunluğu ilə müəyyənləşdirilir. IX. 3.10, 3.27-3.30 qadağan nişanlarının qüvvəsi yolun yalnız nişan qurulmuş tərəfinə şamil edilir. Maddə 65. Məcburi hərəkət istiqaməti nişanları I. Məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. II. Bu nişanların dairəvi forması və mavi fonu vardır. III. 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. IV. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. V. Yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. Bu nişan həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa dönməyi qadağan etmir. 4.4 nişanı minik avtomobillərinin, avtobusların, motosikletlərin və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərinin hərəkətinə icazə verir. Bu nişan işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə həmin sahədə yaşayan vətəndaşlara xidmət edən və ya məxsus olan digər nəqliyyat vasitələrinin hərəkətinə də icazə verir. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın yolayrıcından girib-çıxmalıdırlır. Maddə 66. Məlumatverici-göstərici nişanlar I. Məlumatverici-göstərici nişanlar hərəkətin müəyyən rejimini tətbiq və ya ləğv edirlər, eləcə də yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə məlumat verirlər. II. Bu nişanların düzbucaq forması vardır, sürücülərin və hərəkətin digər iştirakçılarını yolun vəziyyətinin xüsusiyyətləri, yaşayış məntəqələrinin adları, onların keçmə qaydaları, küçələrin və yolların ayrı-ayrı sahələrində hərəkət rejiminin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Bu qrup nişanların müxtəlif fonları vardır. Yaşıl fon avtomagistral, göy fon bütün başqa avtomobil yolları, Ağ fonu olan 5.22 və 5.23 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin tətbiq olunduğunu, göy fonu olan 5.24 və 5.25 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin bu yolda tətbiq olunmadığını göstərir. deməkdir. İşarələrin sarı fonu yolun təmir olunan hissələrinin yanından keçmə üçün tətbiq olunur. III. 5.40, 5.42, 5.44, 5.46 yol nişanları müvafiq zonanın başladığı yerdə, 5.41, 5.43, 5.45, 5.47 yol nişanları həmin zonanın qurtardığı yerdə quraşdırılır. 5.40, 5.42, 5.44, 5.46 yol nişanları müvafiq zonada yerləşən bütün yollarda qüvvədə olur. IV. Qəza dayanacağı yerləri təcili rabitə telefonu və ya yanğınsöndürənlə tachiz edildikdə 5.48.1 və 5.48.2 (qəza dayanacağı yeri) yol nişanlarının aşağı hissəsində müvafiq olaraq 6.17 və 6.18 yol nişanları quraşdırılır. V. 5.49.1, 5.49.2 və 5.49.3 yol nişanları tunellədə maksimum 50 metr bir-birindən aralı olmaqla  1-1,5 metr hündürlükdə yan divarlarda quraşdırılır və qəza çıxışlarının istiqamətini və məsafəsini göstərir. VI. 5.50.1, 5.50.2 və 5.50.3 yol nişanları avtomagistraldan çıxış yerlərinədək olan məsafəni göstərir. Maddə 67. Servis nişanları I. Servis nişanları yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir. II. Servis nişanlarının düzbucaq forması, enli mavi haşiyəsi vardır. Müvafiq rəmzlər ağ fon üzərində təsvir olunur. Servis nişanları yaşayış məntəqələrində bilavasitə obyektlərin yanında və ya onlara dönəcək yerlərdə quraşdırılır. Yaşayış məntəqələrindən kənar yollarda nişanlar əvvəlcədən göstərilən obyektdən 60-80 kilometr, 15-20 km və 400-800 metr aralıda quraşdırılır. Yaşayış məntəqələrinin yollarında onları əvvəlcədən, göstəriləcək obyektlərdən 100-150 metr aralı məsafədə və onlara yaxın dönəcək yerlərdə quraşdırırlar. Maddə 68. Əlavə məlumat nişanları. I. Əlavə məlumat nişanları (lövhəciklər) birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirir və ya məhdudlaşdırırlar. II. Lövhəciklər birlikdə tətbiq olunduqları yol nişanının bilavasitə altında yerləşdirilirlər. Yolun hərəkət hissəsinin qırağında və ya səkinin üstündə asıldıqda, 7.2.2-7.2.4, 7.13 əlavə məlumat nişanları yol nişanlarının yan tərəfində yerləşdirilir. Maddə 69. Yolun nişanlanması I. Yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. II. Yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə tətbiq olunur. III. Yolun nişanlanmasının aşağıdakı formaları vardır: 1) üfiqi; a) uzununa (1.1-1.11); b) köndələninə (1.12-1.15); v) digərləri (1.16.1-1.24); 2) şaquli. IV. Yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir. V. Yolun üfiqi nişanlanması müəyyən hərəkət rejimini və hərəkət tərzini müəyyən etməklə, yolun hərəkət hissəsinə, sarı rənglə olan 1.4, 1.10 və 1.17 xətləri istisna olunmaqla, ağ rəngdə çəkilir. VI. Üfiqi nişanlanma xətləri aşağıdakılardır: 1) 1.1 - əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 2) 1.2 - avtomagistrallarda hərəkət hissəsinin kənarını göstərir (enli bütöv xətlər); 3) 1.3 - dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır; 4) 1.4 - dayanma qadağan olunan yerləri bildirir, müstəqil və ya 3.27 nişanı ilə birlikdə tətbiq edilir və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir; 5) 1.5 - iki və ya üç zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır, bir istiqamətdə hərəkət üçün iki və daha çox zolaq olduqda, hərəkət zolaqlarının sərhədlərini göstərir; 6) 1.6 - əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və ya 1.11 nişanlanma xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir (yaxınlaşma xətti - cizgilərinin uzunluğu onların aralarındakı məsafədən üç dəfə böyük olan qırıq xətlər); 7) 1.7 - yolayrıcının hüdudlarında hərəkət zolaqlarını göstərir (cizgiləri qısa və onların aralarındakı məsafə cizginin uzunluğuna bərabər olan qırıq xətlər); 8) 1.8 - sürətləndirmə və ya tormozlama zolağı ilə yolun hərəkət hissəsinin əsas zolağı arasında sərhədi göstərir (enli qırıq xətlər müxtəlif səviyyələrdəki yolayrıclarında, kəsişmələrdə, avtobus dayanacaqları zonasında və sair yerlərdə); 9) 1.9 - reversiv hərəkətlə nizamlanma tətbiq edilən hərəkət zolaqlarının sərhədlərini göstərir, qarşılıqlı hərəkətlə nizamlanma tətbiq olunan yollarda əks istiqamətli (qarşılıqlı hərəkət svetoforları söndürülən zaman) nəqliyyat axınlarını ayırır; 10) 1.10 - duracağın qadağan olunduğu yerləri bildirir, müstəqil və ya 3.28 nişanı ilə birlikdə tətbiq olunur və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir; 11) 1.11 - yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir; 12) 1.12 (stop-xətt) - 2.5 nişanı olduqda və ya svetoforun (nizamlayıcının) qadağan siqnalı verildikdə, sürücünün dayanmalı olduğu yeri göstərir; 13) 1.13 - kəsişən yolla hərəkət edən nəqliyyat vasitələrinə yol vermək üçün sürücünün lazım gəldikdə, dayanmalı olduğu yeri göstərir; 14) 1.14.1 - nizamlanmayan piyada keçidini, 1.14.2 - piyadaların hərəkət istiqamətini, 1.14.3 - hərəkətin svetoforla nizamlandığı piyada keçidini göstərir; 15) 1.15 - velosiped yolunun yolun hərəkət hissəsi ilə kəsişdiyi yeri göstərir; 16) 1.16.1-1.16.3 - nəqliyyat axınlarının ayrıldığı və ya birləşdiyi yerlərdə istiqamətləndirici adacıqları göstərir; 17) 1.17 - ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarını və taksi duracaqlarını göstərir; 18) 1.18 - yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir; 19) 1.19 - yolun hərəkət hissəsinin daralan sahəsinə (həmin istiqamətdə zolaqların sayının azaldığı sahəyə), yaxud əks istiqamətlərdə nəqliyyat axınlarını ayıran 1.1 və 1.11 nişanlama xətlərinə yaxınlaşmanı göstərir. Birinci halda 1.19 nişanlama xətti 1.18.1-1.18.3 nişanları ilə birlikdə tətbiq oluna bilər; 20) 1.20 - 1.13 nişanlanma xəttinə yaxınlaşmanı bildirir; 21) 1.21 («stop» yazısı) - 2.5 nişanı ilə birlikdə tətbiq olunduğu hallarda 1.12 nişanlanma xəttinə yaxınlaşmanı bildirir; 22) 1.22 - yolun (marşrutun) nömrəsini göstərir; 23) 1.23 - ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi zolağı göstərir. VII. Üfiqi nişanlanma xəttinin xüsusiyyəti: 1) 1.1-1.3 xətlərini kəsib keçmək qadağandır; 2) nəqliyyat vasitəsini yolun çiynində dayandırmaq üçün hərəkət hissəsinin kənarını göstərən və sürücüdən sağda yerləşən 1.1 və 1.2 xətlərini kəsib keçməyə yol verilir; 3) 1.5-1.8 xətlərini istənilən tərəfdən kəsib keçməyə icazə verilir; 4) qarşılıqlı hərəkət svetoforlar olmadıqda və ya söndürülmüş olduqda, 1.9 xətti sürücüdən sağdadırsa, onu kəsib keçməyə icazə verilir, qarşılıqlı hərəkət svetoforları yanarkən bir istiqamətdə hərəkətə icazə verilən zolaqları bir-birindən ayıran 1.9 nişanlama xəttini istənilən tərəfdən kəsib keçmək olar. Qarşılıqlı hərəkət svetoforları söndürüldükdə sürücü dərhal 1.9 nişanlanma xəttindən sağ tərəfə yerdəyişmə etməlidir. Qarşılıqlı hərəkət svetoforları söndürülmüş olduqda əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.9 xəttini kəsib keçmək qadağandır; 5) 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir. Yeri dəyişdirilə bilən dayaqlarda qurulmuş müvəqqəti yol nişanlarının və nişanlanma xətlərinin mənaları bir-birinə zidd gəldikdə, sürücülər yol nişanlarını əsas tutmalıdırlar. VIII. Yol qurğularının elementlərinə (körpülərə, dəmiryol keçidlərinə, dayaq qurğularına və s.) hasarlara, sütunlara, eləcə də yollarda olan və hərəkət üçün təhlükə yaradan digər obyektlərin üzərinə, onların ölçülərini göstərmək və həmçinin sürücülərin gözlə istiqaməti müəyyənləşdirməsinə kömək etmək məqsədilə, ağ və qara rəngli zolaq şəklində şaquli nişanlama çəkilir. IX. Şaquli nişanlanma xətləri aşağıdakılardır: 1) 2.1 - yol qurğularının hərəkətdə olan nəqliyyat vasitələri üçün təhlükə doğuran ünsürlərini (körpülərin dayaqlarını və s.) göstərir; 2) 2.2 - tunellərin, körpülərin aşırımlarının aşağı kənarını göstərir; 3) 2.3 - ayırma zolaqlarında və ya təhlükəsizlik adacıqlarında düzəldilmiş dairəvi adacıqları göstərir; 4) 2.4 - istiqamətləndirici dirəkcikləri, yolkənarı kötükcükləri, çəpərlərin dayaqlarını və s. göstərir 5) 2.5 - kiçik radiuslu döngələrdə, sərt enişlərdə, digər təhlükəli sahələrdə yol sədlərinin yan səthini göstərir; 6) 2.6 - başqa sahələrdə yol sədlərinin yan səthini göstərir; 7) 2.7 - təhlükəli sahələrdə yol səthindən hündürə çıxan təhlükəsizlik adacıqlarını göstərir. Maddə 70. Dəmiryol keçidlərinin siqnallaşdırılması I. Dəmiryol keçidlərindəki işıq siqnalları eyni səviyyədə quraşdırılmış, növbəliklə işləyən və keçiddən hərəkəti qadağan edən iki yanıb-sönən qırmızı işıqdan ibarətdir. II. İşıq siqnallarını ahənglə səslənən və keçiddən hərəkəti qadağan edən səs siqnalları müşayiət edə bilər. III. Qırmızı işıqların arasında, yaxud onların üzərində yerləşən və yanıb-sönən ağ işıq hərəkətə icazə verir. IV. Şlaqbaum quraşdırılmış keçidlərdə bağlı, yaxud bağlanmağa başlayan şlaqbaum olduqda, keçidə daxil olmaq qadağandır. V. Şlaqbaum ardıcıllıqla qırmızı və ağ zolaqlarla rənglənməlidir, ortada isə qırmızı rəngdə disk nəzərdə tutula bilər. Sutkanın qaranlıq vaxtı işıqlandırılmayan yollarda şlaqbaum işıqlandırılmalı və ya qırmızı işıqlar nəzərdə tutulmalıdır. VI. Dəmiryol keçidlərinə yaxınlaşma 1.1 və 1.2 xəbərdarlıq nişanları ilə, yaxud şlaqbaumla nişanlanmalı, keçidin bilavasitə yaxınlığında isə hər bir tərəfdən 1.3.1 və 1.3.2 xəbərdarlıq nişanları quraşdırılmalıdır. VII. Dəmiryol keçidi önündə yaşayış məntəqələrindən kənarda yol boyu 1.4.1-1.4.6 lövhələri quraşdırılır. Həmin lövhələr hərəkət boyu yolun sol tərəfində də quraşdırıla bilər. Bu zaman onları 1.1 və ya 1.2 xəbərdarlıq nişanları müşayiət edə bilər. VIII. Hərəkət intensivliyi az olan keçidlərdə 2.5 üstünlük nişanı quraşdırılır. Həmin keçidlərdə nəqliyyat vasitələrinin hərəkətini dəmiryol keçidi üzrə növbətçi nizamlayır. Maddə 71. Yol işlərində olunan işarələr. I. Yol işləri aparılarkən, habelə yolun zədələnmiş sahələrində təhlükəsiz və fasiləsiz hərəkəti təmin etmək məqsədi ilə aşağıdakı işarələrdən istifadə olunur (6 saylı Əlavə): 1) görülməli işlərin sahəsini müəyyənləşdirən lövhə və səyyari konuslar; 2) nizamlayıcı göstəriciləri olan sürətli hərəkət lövhələri; 3) iş sahəsini müəyyənləşdirən qırmızı və ya narıncı rəngli sarışan işıqlar; 4) hərəkətin istiqamətini göstərən maneə; 5) görülən yol işarələrindən yan keçməni göstərən maneələr; 6) yol işləri sahəsinin müəyyən edilməsi üçün bayraqlar. II. Yol işləri görülməsinə, onun xarakteri və davam etmə müddətindən asılı olaraq, yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan, xüsusi yol nişanlarının və ya işıq siqnallarının qurulmasından sonra başlanıla bilər. III. İş aparılacaq sahələri aydın görünən stendlərlə, şlaqbaumlarla, ayırıcı dirəklərlə və ya digər xüsusi vasitələrlə işarə etmək lazımdır. IV. Yuxarıda göstərilən vasitələr işıqqaytarıcı olmazsa, axşamlar qırmızı və narıncı rəngli daimi və ya sayrışan işıqlar quraşdırılmalıdır. V. Yolun zədələnmiş hissəsində hərəkəti nizamlamaq üçün xüsusi yol nişanları və işıq siqnalları quraşdırılır, zəruri hallarda isə yaranmış vəziyyətə uyğun olaraq yolun nişanlanması aparılır. Əgər vəziyyət tələb edərsə, yol hərəkəti yol fəhlələri tərəfindən nizamlanmalıdır. VI. Yol işlərinin aparılması müddətində qurulmuş xüsusi yol nişanları və ya işıq siqnalları saxlanılır, işlər qurtardıqda isə ilkin vasitələr bərpa edilir və zəruri olduqda yeni yol hərəkəti şəraitinə müvafiq olaraq dəyişikliklər edilir. VII. Yolun hərəkət hissəsində işləyən şəxs narıncı qolsuz paltar geyməlidir, gecə isə həmin geyim işıq qaytaran olmalıdır və yaxud onun üzərində işıqqaytarıcı elementlər nəzərdə tutulmalıdır. VIII. Yol işlərinin aparılması ilə əlaqədar hərəkətin bağlanılması və ya onun məhdudlaşdırılması, eləcə də işin aparıldığı yerin, yaxud zonanın nişanlanması dövlət standartı ilə müəyyən edilir. Maddə 72. Nəqliyyat vasitələrinin tanınma nişanları Nəqliyyat vasitələrində aşağıdakı tanınma nişanlarından istifadə olunur (7 saylı Əlavə): 1) «Avtoqatar» - qoşqulu yük avtomobillərində və təkərli traktorlarda (1,4 ton və daha artıq yük götürən), habelə birləşdirilmiş avtobus və trolleybuslarda - kabinənin damında bir-birindən 150-300 mm aralı, üfiqi yerləşdirilmiş narıncı rəngli üç fənər şəklində; 2) «Tikanlı şinlər» - tikanlı şinlər qoyulmuş mexaniki nəqliyyat vasitələrinin arxasında - bərabərtərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş və qırmızı haşiyəyə alınmış içərisində qara rənglə şin təsviri olan üçbucaq şəklində (üçbucağın tərəfləri azı 200 mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər); 3) «Uşaqların daşınması» - avtobusda dəstə ilə uşaq apararkən, bu nəqliyyat vasitələrinin qabağında və arxasında - qırmızı haşiyəyə alınmış və içərisində qara rənglə 1.21 yol nişanının simvolu təsvir edilmiş sarı rəngli kvadrat şəklində (kvadratın tərəfləri azı 250 mm, haşiyənin eni kvadratın tərəfinin onda biri qədər); 4) «Kar sürücü» - lal-kar və ya kar sürücülərin idarə etdiyi mexaniki nəqliyyat vasitələrinin qabağında və arxasında-diametri 160 mm olan, içərisində təpəsi aşağı yönəldilmiş bərabərtərəfli xəyali üçbucağın künclərində 40 mm diametrli üç qara dairəcik çəkilmiş sarı rəngli dairə şəklində; 5) «Əlil» - I və II qrup əlillər üçün xüsusi avadanlıqlar quraşdırılmış, onlar tərəfindən idarə olunan və qeydiyyat şəhadətnaməsində bu barədə müvafiq qeyd olan nəqliyyat vasitələrinin qabaq və arxasında - tərəfləri 150 mm ölçülü, daxilində 7.17 simvolunun qara boya ilə təsviri olan sarı rəngli kvadrat şəklində; 6) «Həkim» - sürücü-həkimlərin idarə etdiyi nəqliyyat vasitələrinin qabağında və arxasında - tərəflərinin ölçüsü 140 mm olan, içərisinə ağ dairədə (diametri 125 mm) qızıl xaç (ştrixin hündürlüyü 90 mm, eni 25 mm) təsviri vurulmuş, göy rəngli kvadrat şəklində; 7) «Təlim nəqliyyat vasitəsi» - sürücülük öyrətmək üçün istifadə olunan mexaniki nəqliyyat vasitəsinin qabağında və arxasında - bərabərtərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş və qırmızı haşiyəyə alınmış (üçbucağın tərəfləri azı 200 mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər) və içərisində qara rəngdə «təlim» sözü yazılmış üçbucaq şəklində (minik avtomobilinin damında ikitərəfli nişan qoyulmasına yol verilir); 8) «Nəqliyyat vasitəsinin qabaritindən kənara çıxan yük» - 400x400 mm ölçüdə, diaqonal boyu 50 mm enində, növbə ilə qırmızı və ağ zolaqlar çəkilmiş, işıqqaytarıcı səthə malik lövhəcik şəklində; 9) «Təhlükəli yük» - belə yüklər daşıyan nəqliyyat vasitələrinin qabağında və arxasında - 690x300 mm ölçüdə, onun 400x300 mm ölçüdə sağ hissəsi narıncı, sol hissəsi isə 15 mm enində qara haşiyəyə alınmış ağ rəngdə olan düzbucaq şəklində (nişanda yükün təhlükəli xassələrini xarakterizə edən işarələr çəkilir); 10) «Uzunölçülü nəqliyyat vasitəsi» - yüklü və ya yüksüz iki və daha çox qoşqusu olan uzunluğu 24 metrdən artıq olan avtoqatarların arxasında - 40 mm enində qırmızı haşiyəsi olan sarı rəngli, azı 1200x200 mm ölçülü, işıqqaytarıcı səthə malik düzbucaq şəklində (göstərilən ölçüdə nişanı yerləşdirmək mümkün olmadıqda, azı 600x200 mm ölçüdə iki eyni nişanı nəqliyyat vasitəsinin oxuna simmetrik yerləşdirməyə yol verilir) tanınma nişanları quraşdırılır; 11) «Qəza dayanma nişanı» - yolun hərəkət hissəsində nəqliyyat vasitəsi məcburi dayandığı hallarda quraşdırılır; 12) «AZ» fərqlənmə nişanı - beynəlxalq yol hərəkətlərində iştirak edən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına mənsubiyyətini bildirmək məqsədilə quraşdırılır; 13) «Təcrübəsiz sürücü» - nəqliyyat vasitəsini idarə edən şəxsin sürücülük vərdişlərinə mükəmməl malik olmadığı barədə yol hərəkətinin başqa iştirakçılarını xəbərdar etmək məqsədilə quraşdırılır. Maddə 73. Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən səs siqnalları və xarici işıq cihazlarından istifadə edilməsi I. Təhlükənin və ya hərəkətdə olan maneələrin aradan qaldırılması məqsədilə nəqliyyat vasitələrinin sürücüləri fara işıqlarından, bu və ya digər istiqamətə dönmə işıq göstəricilərindən, səs siqnallarından və ya əl işarəsindən istifadə edirlər. II. Yuxarıda göstərilən vasitələrlə səs və işıq siqnallarının verilməsi, nəqliyyat vasitələrinin sürücülərini sürəti azaltmaq və yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün bütün digər zəruri tədbirləri görmək vəzifəsindən azad etmir. III. Sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində, habelə tunellərdə hərəkətdə olan nəqliyyat vasitələrində və qoşqularda işıq cihazları və işıq siqnalları aşağıdakı qaydada yandırılmalıdır: 1) təchizatından asılı olaraq nəqliyyat vasitələrində - faraların yaxın və ya uzaq işıqları və arxa qabarit işıqları, velosipedlərdə - faralar və ya fənərlər, at arabalarında - fənərlər . 2) qoşqularda və yedəyə alınan nəqliyyat vasitələrində  - qabarit işıqları. IV. Uzaq işıq yaxın işığa: 1) yaşayış məntəqələrində yol kifayət qədər işıqlandırıldıqda və yaşayış məntəqələrindən kənarda, əgər yolun hərəkət hissəsi yol boyu işıqlanmışdırsa və əgər həmin işıqlandırma sürücüyə kifayət qədər məsafədə görmək imkanı verirsə; 2) sürücünün gözlərini qamaşdırmamaq məqsədi ilə qarşıdan gələn nəqliyyat vasitəsinə azı 150 metr qalmışsa; 3) yol hərəkətinin digər iştirakçılarının gözlərini qamaşdıra bilən hər hansı digər hallarda keçirilməlidir. Gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalıdır; 4) irəlidə hərəkət edən nəqliyyat vasitəsindən yaxın məsafədə hərəkət etdikdə, ötməzdən əvvəl qısa müddətə faraların uzaq işığını yandırmaqla xəbərdarlıq işıq siqnalı vermək olar. V. Sutkanın işıqlı vaxtında hərəkət edən nəqliyyat vasitəsini göstərmək məqsədilə aşağıdakı nəqliyyat vasitələrində faranın yaxın işıqları yandırılmalıdır: 1) motosiklet və mopedlərdə;                                                                                                                  2) uşaq dəstələrini daşıyan avtobus və mikroavtobuslarda; 3) mütəşəkkil nəqliyyat dəstəsində hərəkət edən nəqliyyat vasitələrində; 4) digər nəqliyyat vasitələrini yedəyə alan nəqliyyat vasitələrində; 5) təhlükəli, ağır çəkili və iri qabaritli yük daşıyan nəqliyyat vasitələrində; 6) xüsusi olaraq ayrılmış zolaqla nəqliyyat vasitələrinin axınına qarşı hərəkət edən ümumi istifadədə olan nəqliyyat vasitələrində. V-I. Duman faralarından aşağıdakı hallarda istifadə oluna bilər: 1) məhdudiyyətli görünmə şəraitində - həm ayrıca, həm də faranın yaxın və ya uzaq işıqları ilə birlikdə; 2) sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində - faraların yaxın və uzaq işıqları ilə birlikdə; 3) bu Qanunun 73-cü maddəsinin V hissəsində nəzərdə tutulmuş hallarda müvafiq nəqliyyat vasitələrində faranın yaxın işıqlarının əvəzinə. Qeyd: Duman faralarından aşağıdakı hallarda istifadə oluna bilər: 1) məhdud görünmə şəraitində - həm ayrıca, həm də faranın yaxın və ya uzaq işıqları ilə birlikdə; 2) sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində - faraların yaxın və uzaq işıqları ilə birlikdə VI. Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, habelə məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən nəqliyyat vasitəsində və avtoqatarda qabarit və ya dayanacaq işıqları yandırılmalıdır. Əgər qabarit işıqları nasazdırsa, nəqliyyat vasitəsi yoldan kənara çıxarılmalı, bu mümkün olmadıqda isə o, qəza dayanma nişanı ilə bu Qanunun tələbinə uyğun işarələnməlidir. VII. Qatı duman şəraitində, güclü qar və yağış yağanda, yaxud buna uyğun digər şəraitdə, həmçinin faranın yaxın işıqları və ya duman faraları və dumana qarşı fənərlər yandırala bilər. Qeyd: Yuxarıda göstərilən hallar istisna olmaqla, nəqliyyat vasitələri işıq və səs siqnalları söndürülmüş vəziyyətdə aşağıdakı hallarda duracaqda dayana bilər: 1) işıqlandırılmış yollarda nəqliyyat vasitəsi kifayət qədər məsafədən aydın göründükdə; 2) yolun hərəkət hissəsinin kənarından aralı saxlandıqda; 3) akkumulyatorla təchiz olunmamış motosikletlər yaşayış məntəqəsində yolun hərəkət hissəsinin qırağında saxlandıqda; 4) yaşayış məntəqələrində hərəkət gərginliyi az olan küçələrdə. VIII. Projektor-faradan və axtarıcı-faradan yalnız yaşayış məntəqələrindən kənarda, qarşıdan nəqliyyat vasitələri gəlmədikdə istifadə etməyə icazə verilir. Yaşayış məntəqələrində belə faralardan yalnız operativ və xüsusi xidmət nəqliyyat vasitələrinin sürücüləri xidməti tapşırığı yerinə yetirərkən istifadə edə bilərlər. IX. Arxa duman fənərlərindən yalnız məhdudiyyətli görünmə şəraitində istifadə edilə bilər. Arxa duman fənərlərini stop-siqnallara qoşmaq qadağandır. X. “Avtoqatar” tanınma nişanı avtoqatar hərəkət etdiyi, sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində isə, həm də dayandığı və ya durduğu müddətdə yanmalıdır. XI. Səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər: 1) yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda; 2) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün. XII. Ötmə barədə xəbərdarlıq etmək üçün səs siqnalı əvəzinə (və ya onunla birlikdə) işıq siqnalı verilə bilər. Bu işıq siqnalı sutkanın işıqlı vaxtı - faraların işıqlarını qısamüddətli yandırıb-söndürməkdən, sutkanın qaranlıq vaxtı isə faraların yaxın işığını dəfələrlə uzaq işığa keçirməkdən ibarətdir. Maddə 74. Xüsusi siqnalların tətbiqi I. Üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxara bilər. Üstün keçid hüquqi olan operativ nəqliyyat vasitələrinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı olmalıdır. II. Hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər. III. Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, hərəkətin digər iştirakçıları sağa dönmə işıq göstəricisini yandırmalı, üstün keçid hüququ olan nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdırlar.(я.е.) IV. Dövlət standartları ilə müəyyən edilmiş rəng qrafikası sxemlərindən və rənglərin birləşdirilməsindən, habelə gücü dəyişən işıqlardan və avazı dəyişən çoxavazlı siqnallardan digər nəqliyyat vasitələrinin istifadə etməsi qadağandır. V. Narıncı və ya sarı rəngli sayrışan işıq siqnalları quraşdırılmış xüsusi nəqliyyat vasitələrinin sürücüləri yolda tikinti, təmir və ya təmizlik işləri görərkən hərəkət təhlükəsizliyini təmin etmək şərtilə, yol nişanlarının və nişanlama xətlərinin tələblərindən kənara çıxa bilərlər. Başqa sürücülər onların işinə maneçilik törətməməlidirlər. Narıncı və ya sarı rəngli işartılı məşəl, hərəkət zamanı üstünlük vermir və hərəkətin digər iştirakçılarını təhlükə barədə xəbərdar etməyə xidmət edir. VI. Xüsusi səs və işıq siqnalları quraşdırılmış nəqliyyat vasitələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xüsusi qeydiyyatdan keçməlidirlər. Belə səs və işıq siqnallarının quraşdırılmasına bu Qanunda nəzərdə tutulmuş hallarda icazə verilir. VII. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan, xüsusi çoxavazlı səs və sayrışan işıq siqnalları ilə və ya sürəti ölçməyə maneçilik törədən, yaxud ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrlə və yaxud operativ xidmətlərin nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri ilə təchiz olunmuş nəqliyyat vasitələrinin sahibləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Maddə 75. Yolayrıcılarının keçilməsi I. Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. II. Əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır. III. Hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. IV. Yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər. Maddə 76. Nizamlanan yolayrıcıları I. Relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. II. Svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. III. Svetoforun və ya nizamlayıcının siqnalları eyni vaxtda həm tramvayın, həm də relssiz nəqliyyat vasitələrinin hərəkətinə icazə verirsə, tramvay, hərəkət istiqamətindən asılı olmayaraq, üstünlüyə malikdir. Lakin svetoforun qırmızı və ya sarı siqnalı ilə eyni vaxtda olan əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən tramvay başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. IV. Svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. V. Svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir. Maddə 77. Nizamlanmayan yolayrıcları. I. Eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. II. Yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar. İkinci dərəcəli yollarla hərəkət edən sürücülər də öz aralarında bu qaydaları əsas tutmalıdırlar. III. Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. IV. Relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. V. Əgər sürücü yolun örtüyünün olub-olmadığını təyin edə bilmirsə (sutkanın qaranlıq vaxtı, palçıq, qar və s. nəticəsində), üstünlük nişanları isə yoxdursa, o, belə hesab etməlidir ki, ikinci dərəcəli yoldadır. Maddə 78. Sürmə təlimi I. Nəqliyyat vasitələrinin idarə edilməsi üzrə ilkin təlim bağlı meydançalarda və ya avtodromlarda keçirilməlidir. II. Yollarda sürmə təliminə yalnız təlim verən şəxsin iştirakı ilə və nəqliyyat vasitəsini sürməyi öyrənən şəxsin onu idarə etməkdə ilkin vərdişi olduqda yol verilir. Nəqliyyat vasitəsini sürməyi öyrənən şəxs bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarını bilməli və onun tələblərini yerinə yetirməlidir. III. Sürmə təlimi verən şəxsin üstündə həmin kateqoriyalı nəqliyyat vasitəsini sürmə təlimi vermək hüququna dair sənəd və ya azı 5 il sürücülük stajına malik olmasına, habelə müvafiq kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququna dair vəsiqə olmalıdır. IV. Sürmə təlimi keçirilən mexaniki nəqliyyat vasitəsi «Təlim nəqliyyat vasitəsi» tanınma nişanı ilə işarələnməli və sürmə təlimi verən şəxs üçün arxanı göstərən güzgü və pedallar ilə təchiz olunmalıdır. V. Siyahısı müəyyən edilmiş qaydada elan olunan yollarda sürmə təlimi qadağandır.